Benxi
WWF Azərbaycan - Badamdar 1-ci yaşayış massivi,
döngə 11, ev 3, AZ1021, Səbail Bakı, Azərbaycan
Tel: (+994) 12 502-46-83
Faks: (+994) 12 502-46-83
Bəbirlərin həyat tərzi - Leopard
Maraqlı Məlumatlar

Azərbaycan ərazilərində yaşayan bəbirlər adətən toranlıq və ya gecə həyatı tərzi keçirirlər. Axşam toran düşəndə onlar ova çıxır və gecənin birinci yarısında, eləcə də səhər tezdən ov edirlər. Hava yağmurlu və soyuq olarkən onlar şikarlarını gündüzlər də təqib edirlər. Bəbir çox ehtiyatlı və gizlin həyat tərzi keçirir. Bu yırtıcı ehtiyatlı olsa da qorxaq deyildir. İnsan gördükdə qorxu hissini biruzə vermir. Əsas hallarda görünməz qalmağa çalışır və birinci olaraq hücum etmir. Adamla qarşılaşdıqda yavaş-yavaş kənarlaşır və hətta ona uğursuz atəş açdıqda belə qaçmağa tələsmir. Bəzi bəbirlər yaralandıqda və ya insanla qarşı-qarşıya gəldikdə həddən artıq aqressiv olurlar. XX əsrin 1980-ci illərində Qərbi Kopetdağda (Türkmənistan) 8 dəfə, Talış dağlarında və Naxçıvanda (Azərbaycan) isə cəmi 4 dəfə bəbirin insana hücumu hadisəsi baş vermişdir və bütün hallarda hadisənin səbəbkarı insan özü olmuşdur. Hər heyvanın öz fərdi sahəsi olur. Qərbi Kopetdağda bir erkək fərdin ərazisi 40-50 min, dişilərin isə 15-20 min hektara çatır. Bir erkək bəbirin fərdi sahəsində 2-3 dişi fərd yaşaya bilir.

Çox hallarda bəbirlər dağların ətəyi və dərələrin dibi ilə gəzirlər. Cavan fərdlər, yaşlı erkəklər və dişilər yalquzaq həyat tərzi keçirirlər. Bəbirlərin ailəsi yaşlı dişi fərddən və 2-4 baladan ibarət olur. Balalar 1-1,5 yaşlarında olanda bəbirlərin ailəsi dağılır.

Bəbir şahənə yeriyir, addımlarını yüngül və səssiz atır. Pəncələrindəki qalın tük yastığının olması və yeriyərkən öncə barmaqlarını yerə basmaqları onların addımlarını səssiz edir. Şikarının dalınca gedərkən bəbirlər hərdən yavaş, hərdən saatda 5 km sürətlə, bəzən dörd ayaq qaçır, sonra isə sürətini tam azaldır. O, yavaş hərəkət etdikdə başını aşağı salır, alt cənəsi isə sallanmış vəziyyətdə olur. Tez-tez dayanıb ətrafa baxır. Onun eşitmə və görmə qabiliyyəti çox güclüdür. Gecələr də yaxşı görməsi ona qaranlıqda sərbəst qaçmağa, sıçramağa və uğurlu ov etməyə imkan verir. Aylı gecədə gündüzlər olduğu kimi ehtiyyatla davranır, açıq yerlərə çıxmır, ağacların, daşların kölgəsində daldalanır.

Bəbirin qoxu bilmə qabiliyyəti zəif inkişaf edib. Bəbir balalarının ilk oyuncağı onların quyruğunun ağ ucu olur. Onu tutmaq üçün balalar saatlarca çalışırlar. Quyruğun hərəkəti yırtıcıların qarşılıqlı münasibətlərində xüsusi rol oynayır. Bu hərəkətlərə görə heyvanın əhvalı haqqında fikir söyləmək olar. Quyruğun sakitcə yan tərəflərə hərəkəti heyvanın həyəcanlandığından və sıçrayışa hazırlaşdığından xəbər verir. Bəbir təmizkar heyvandır və pələngdən fərqli olaraq öz nəcisini əksər hallarda torpağa basdırır.

POST A COMMENT

Your email address will not be published. Required fields are marked *

az