Bəbirlərin qida obyeklərinin siyahısına 25 növ heyvan daxildir. Lakin onların sıralanması və potensial sayı, əsasən 2-3 növ orta ölçülü cütdırnaqlı heyvanın populyasiyasının səviyyəsi ilə müəyyən olunur. Bəbir digər şikarlarından daha çox orta ölçülü və müəyyən qədər iri heyvanlara üstünlük verir. Onların Qafqaz ərazisində dağkeçiləri və qoyunları, vəhşi öküz, maral və bu növ digər cütdırnaqlı heyvanları ovlaya biləcəkləri yerlərdə yaşaması buna sübutdur. Qərbi Qafqazın dağları bəbirləri, əsasən dağkeçiləri, vəhşi öküzlər və marallarla, dağətəyi ərazilər isə çöl donuzları və cüyürlərlə cəlb edir. Baş Qafqaz silsiləsinin şərq tərəfi dağları dağkeçisi və vəhşi öküzlər, Araz vadisi isə keçilər və qismən muflonlarla zəngin olması baxımından bəbirlərin yaşaması üçün əlverişlidir. Talış dağ silsiləsinin yamaclarında və Lənkəran ovalıqlarında bəbirlər çöl donuzları, xüsusilə onların balaları və gənc fərdlərlə qidalanırlar. Naxçıvanda bəbirlərin əsas qidasını bezoar keçiləri və muflonlar təşkil edir.