Benxi
WWF Azərbaycan İçəri şəhər, Böyük Qala küç.6 Döngə 11,
Turn 11, AZ1001 Bakı, Azərbaycan
(+994) 12 492-25-04
(+994) 12 492-25-09
Bəbirlər hansı təbii şəraitlərdə yaşayır?

XX əsrin əvvəllərində bəbirlərə Qafqazın dəniz səviyyəsində və dəniz səviyyəsindən 3000 metrə qədər yüksəkliklərində rast gəlinirdi. Yay mövsümündə onlar Alp çəmənlərinin yuxarı qurşaqlarında çox müşahidə olunurdu. Bəbirlər qış aylarında qarlı yüksəkliklərdə də görülürdü, belə ki, onlar dəniz səviyyəsindən 1500 metrdən çox olan yüksəkliklərdə dəfələrlə müşahidə olunub.   Bununla belə, bəbirlər mağaralı, yarğanlı, qayalıqlı, həmçinin sıx meşəli dağlarda yaşamağa üstünlük verirlər. Belə ərazilərdə onlar özlərini təhlükədən daha uzaq hiss edir və çoxlu müxtəlif qidalar tapa bilirlər. Dağ silsilələrinin başı müşahidə məntəqəsi rolu oynayır, eyni zamanda heyvanın ərazidə sürətli yerdəyişməsinə imkan verir. Qafqazın qərbində dağlar böyük qayalıqları ilə fərqlənir. Yamaclar sıx dəfnəgilas, azaliya, rododendron, qafqaz qaragiləsi kolluqları və fısdıq – ağ şam ağacı meşələri ilə örtülüdür. Bu dağların çox hissəsi insan üçün demək olar ki, keçilməzdir. Bəbirlərin bir hissəsi meşəsiz, yaxud qismən meşəsiz qayalı dağlarda və dərələrdə də yaşayırlar. Onların düzənliklər meşələrlə, yaxud müxtəlif cür sıx lianalar, qamış, iynəli bitki kolları ilə örtülü olduğu, həmçinin qida ilə zəngin olduğu təqdirdə bu ərazilərdən qaçmadığı müşahidə olunur.

Bəbirlərin yayılmasını məhdudlaşdıran əsas faktor qar örtüyünün hündürlüyüdür. Məhz bu amil nəinki bəbirlərin yerdəyişmə imkanlarını, həm də onların şikarlarının – cütdırnaqlı heyvanların populyasiyasını müəyyənləşdirir. Bu səbəbdən keçmişdə bəbirlərin Qafqazda yayılması, əsasən, Baş Qafqaz silsiləsi ilə deyil, onun qolları və ikincidərəcəli  silsilələri ilə bağlı olub. Burada, xüsusilə şərq və mərkəz hissələrdə qar örtüyünün hündürlüyü azdır. Baş Qafqaz silsiləsi yalnız qar olmadığı dövrdə tranzit, yerləşmə zonası kimi əhəmiyyətli ola bilər. Digər tərəfdən, qış mövsümündə dağlarda çox qarlı, az qarlı, hətta tamamilə qarsız ərazilərin mürəkkəb mozaikası müşahidə olunur. Bu isə cütdırnaqlı heyvanların və yırtıcıların uzaq yerlərə köç etmədən qışı burada keçirməsinə imkan verir.

İqlim şəraitindən və biotopik şəraitdən asılı olaraq bəbirlərin populyasiyasının fərqli ərazi strukturu var  və onlar müxtəlif ölçülü fərdi sahələrdən istifadə edirlər. Bu sahələrin genişliyi və konfiqurasiyası əsas qida obyektlərinin populyasiyasının sıxlığı ilə, relyefin xüsusiyyətləri və antropogen faktorlarla müəyyən olunur. İri erkək fərdlərin yaşayış sahələri 2-3 iri dişi fərdin yaşayış sahələri ilə tamamilə və ya qismən bağlıdır. Yaşamağa qabil qrupa bir qayda olaraq, oturaq həyat tərzi keçirən 2-3 iri dişi fərd və balaları, 1-2 erkək fərd və təqribən bu sayda gənc heyvanlar daxildir.

Azərbaycanda bu heyvanlar Talış dağlarının sıx meşələrində, Kiçik Qafqazın meşəli və qayalı ərazilərində, Naxçıvanın sərt qayalıqlarında, yarğanlarda, daş uçqunlarında rast gəlinir. Çox hallarda bəbirin yayılması onun qidalandığı heyvanlardan asılıdır. Talış dağlarında onların qidasını cüyürlər, çöl donuzları, tirəndazlar (oxlu kirpi),  porsuqlar təşkil edir. Kiçik Qafqazda isə bəbirlərin qida obyekləri bunlardan başqa dağ keçiləri, Naxçıvanda isə həm də dağ qoyunlarından ibarətdir.

azAZ
en_USEN azAZ